Nizamnamə

“Biz inanırıq ki, insanlar arasında kütləvi mübarizənin ilkin vərdişlərini onları az risk tələb edən proseslərə cəlb etməklə formalaşdırmaq olar.”

I. Ümumi müddəalar

1.1. Oyan Hərəkatı (bundan sonra Hərəkat) Azərbaycan Respublikasında demokratik vətəndaş cəmiyyətinin, hüquqi dövlətin və azad mətbuatın yaranması, vətəndaşlarda ictimai şüurun artırılması və onların dövlətin ictimai və siyasi həyatında fəal iştiraka cəlb edilməsi məqsədilə proqramlar və strategiyalar formalaşdırmaq, anti-konstitutsion yolla qurulan qeyri legitim hökumətin xarici və daxili “dayaqlarını” sarsıtmaq və əhalini bütün səviyyələrdə DİNC mübarizəyə cəlb etmək məqsədilə yaradılmış xalq hərəkatıdır.

1.2. Hərəkat fəaliyyətində ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasını və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sənədləri və bundan irəli gələrək Azərbaycan xalqının haqq-hüquq adətlərini və özünün nizamnamə və proqramını rəhbər tutur.

1.3. Hərəkatın adı “Oyan Hərəkatı” olaraq müəyyən edilmişdir. Bununla yanaşı hərəkat beynəlxalq aləmdə “oyan” sözünün ingiliscə tərcüməsi olan “Wake-Up” kimi təqdim olunacaqdır. Hərəkatın idarə heyəti tərəfindən qəbul edilən rəmzi, himni və digər fərqləndirici atributları ola bilər.

1.4. Hərəkatın fəaliyyəti Azərbaycan Respublikasının ərazisində və ya xaricində yaşayan bütün Azərbaycan vətəndaşlarını və Azərbaycan vətəndaşları ilə qan, can, tale bağı olan hər bir fərdi əhatə edir və heç bir ərazi məhdudiyyəti tanımır.

1.5. Hərəkatın mərkəzi ofisi təsis edildiyi ölkə olan Niderland Krallığında yerləşir.

II. Hərəkatın məqsəd və vəzifələri

2.1. Hərəkatın məqsədi vətəndaşların ictimai şüurunu artırmaq və nəticədə siyasi hakimiyyətin vətəndaşların iradəsinin ifadəsi olaraq formalaşdırılmasına şərait yaratmaqdır. Bunun üçün Hərəkat demokratik Respublika üsul-idarəsinə əsaslanan Dövlət quruculuğu yolunda 1.4. maddədə müəyyən edilən subyektlərin zəruri strateji addımlarını vahid mərkəzdən əlaqələndirir.

2.2. Hərəkat fəaliyyət programını daha geniş və izahlı şəkildə öz Mərəmnaməsində açıqlayır.

2.3. Hərəkat ictimai iqtisadi, sosial sahələr üzrə proqramlar hazırlayır.

2.4. Hərəkat vətəndaşlarla 2.1. maddədəki məqsədlərin həyata keçirilməsinin DİNC, HÜQUQİ üsulları barəsində təbliğat-təşviqat işi aparmaq, onları maarifləndirmək yönündə çalışır.

2.5. Hərəkat siyasi debatlarda iştirak edir.

2.6. Hərəkat 1.1. maddədən irəli gələrək, istənilən ictimai siyasi mövzuda öz mövqeyini bəyan edir.

2.7. Hərəkatın siyasi partiya, təşkilat, hərəkat və qurumlarla əməkdaşlıq etmək, assosiasiyalar və bloklar yaratmaq, qanunla müəyyən edilən və hüquq mühafizə və təhlükəsizliyin təminatı üçün müvafiq dövlət qurumları ilə razılaşdırılmış mitinqlər, nümayişlər, yığıncaqlar, yürüşlər, piketlər və başqa kütləvi tədbirlər keçirmək hüququ var.

2.8. Hərəkatın, 1.1 maddədən irəli gələrək, aktiv və passiv seçki hüququ ilə müxtəlif səviyyəli seçkilərdə nümayəndə ilə iştirak etmək, referendumlarda öz mövqeyilə çıxış etmək hüququ var.

2.9. Hərəkat Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq demokratik DİNC mübarizənin bütün digər formalarından istifadə edir.

2.10. Hərəkat qarşısına qoyduğu ali məqsədə çatdıqdan sonra siyasi partiya formasında fəaliyətini davam etdirə bilər.

III. Hərəkatın strukturu

3.1. Hərəkat fəaliyyətini Hümmət, Assembleya (Qanunverici orqan), Konsullar (İH), Nəzarət Təftiş Komissiyası və Məsləhət Şurası vasitəsilə həyata keçirir.

3.2. Hümmət Hərəkatın ali orqanı olub üzvlərinin (yaxud seçilmiş nümayəndələrin) əksəriyyəti (50%+1) iştirak etdikdə səlahiyyətli hesab edilir. Hümmətin iclaslarında Assembleya, Konsulları, Komissiyanın üzvlərini seçilir, Hərəkatın Nizamnaməsi, Proqramı və digər qərarları sadə səs çoxluğu ilə qəbul edilir. Hümmət tam gizli formada fəaliyyət göstərir. Hümmətə üzvlük üç mərhələli müsahibə mexanizmdən keçdikdən sonra mümkündür. İlk müsahibəni Konsullardan biri, digər iki müsahibəni isə namizədə də məlum olmayan iki nəfər şəxs, onlardan biri psixoloq olmaqla, tərəfindən internet üzərindən aparılır. Məqsəd Hümmət üzvlərinin təhlükəsizliyini qorumaqdır. Yekun rəyə əsasən namizədin Hümmətə qəbul edilib edilməməsi ilə bağlı müsahibədə iştirak edənlər arasında sadə səs çoxluğu ilə qərar qəbul edilir.

3.3. Assembleya Hərəkata Hümmətin Yığıncaqları arası dövrdə cari proqramları təsdiq edir. Assembleya üzvlərinin sayı Hümmətin Yığıncağında müəyyən edilir. Assembleyaya üzv olmaq üçün Hümmətə üzvlük vacibdir. Assembleya ildə azı iki dəfə toplanır. Növbədənkənar Assembleyanın İclasları Konsulların qərarı və Assembleyanın üzvlərinin azı yarısının təşəbbüsülə çağrıla bilər.

3.4. Konsullar Assambleyanın İclasları qarşısında məsuldur və həm Hümmətə və həm də Assambleyaya hesabatlar verir, Hərəkatı gündəlik olaraq təmsil edir, cari rəhbərliyi həyata keçirir, sayı ən azı 5 (maksimum 7) nəfərdən ibarətdir. Konsullardan yalnız 2 (iki) nəfəri gizli formada fəaliyyət göstərə bilər. Konsullar Hümmətin Yığıncağında və Assembleyada qəbul edilmiş qərarların icrasını təşkil edir və ona nəzarət edir. Konsullar arasında qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Konsulların yığıncağı ayda ən azı bir dəfə Hərəkatın ofisində, və ya internet üzərindən təşkil olunur. Konsullar kvartalda ən azı bir dəfə Hərəkatın fəaliyyəti ilə bağlı Hərəkat üzvləri üçün açıq olan hesabatlar verir. Konsullar başqa partiya, təşkilat, hərəkat və ya birliyə üzv ola, digər siyasi qürumlarda təmsil oluna bilməz.

3.5. Məsləhət Şurasının əsas fəaliyyəti Oyan Konsullarına məsləhət verməkdən ibarətdir. Şurasının üzvlərini Oyan Konsulları seçir. Şuranın üzvlüyündən xaric etmə Nəzarət-Təftiş-Komissiyasının səlahiyyətlərinə aiddir.


3.6. Nəzarət-Təftiş – Komissiyanın tərkibi ən azı 3 üzvdən ibarət olub, Hərəkatın və onun bütün üzvlərinin fəaliyyətini daxil olmuş şikayət əsasında təftiş edir, Nizamnaməyə uyğun olub olmadığını müəyyən edir və eyni zamanda, Hərəkatın maliyə durumunu təftiş edir.

IV. Hərəkata üzvlük

4.1. Hərəkatın layihələrinin həyata keçirilməsinə töhfə verən və Hərəkatın təqdim etdiyi ideyalara inanan və ona dəstək verən 1.4. maddədəki subyektlər bununla Hərəkatın tərəfdaşları hesab olunur.

4.2. Hərəkat hesab edir ki, formal üzvlük əhəmiyyətli deyil və hər bir vətəndaş dəstək olmaqla fəal rolunu oynaya bilər.

4.3. Hərəkatın dəstəkçisi, yəni üzvlük rolu oynayan vətəndaş Hərəkatın orqanlarının fəaliyyətinə görə heç bir məsuliyyət və vəzifə daşımır.

V. Hərəkatın əmlaki və maliyyə vəsaitləri

5.1. Hərəkat qeyri-kommersiya xarakteri daşıyır və əmlakı və maliyyə vəsaitləri ianələr, hərəkatın keçirdiyi tədbirlər nəticəsində əldə olunmuş gəlirlər və qanunvericiliklə qadağan edilməyən digər vasitələr hesabına əldə olunur.

VI. Hərəkatın nizamnaməsinə əlavə və dəyişikliklər edilməsi qaydası

6.1. Bu Nizamnaməyə əlavə və dəyişikliklərin edilməsi Hümmətin Yığıncağının yekun qərarı ilə həyata keçirilir. Həmin qərar səs çoxluğu ilə qəbul edilir.

VII. Hərəkatın fəaliyyətinə xitam verilməsi qaydaları

7.1. Hərəkatın fəaliyyətinə xitam verilməsi, yalnız Hümmətin Yığıncağında mütləq əksəriyyətinin (75%+1) razılığı əsasında ola bilər.

7.2. Hərəkatın fəaliyyətinə xitam verildikdə onun əmlakı və maliyyə vəsaitlərinin təyinatı Hümmətin Yığıncağının qərarı ilə müəyyən edilir.

Qeyd: OYAN Hərəkatı fəaliyyətinə təsis edildiyi gündən başlayırNiderland Krallığı, Amsterdam

06 mart 2016-cı il.

Nizamnaməni bu linkdən endirə bilərsiniz.