Dağlıq Qarabağ münaqişəsinin “dondurulmuş münaqişə” adlandırılması artıq çətin məsələdir. İndi hər zaman alovlanmağa və yeni müharibəyə çevirlməyə hazır olan bu münaqişənin həlli mümkündürmü?

Siyasi təhlilçi Nahid Cəfərov yazır ki, Azərbaycanın səsini dünyaya çatdıra bilməsi ölkədə insan haqlarının vəziyyətinin müsbət inkişafından asılıdır:

Münaqişənin hərbi həll variantı

Hər iki tərəfdə mövcud olan müharibə retorikasına baxsaq, aşağıdakı səbəblər bizə düşünməyə əsas verir ki, müharibə münaqişənin tərəflərini təmsil edən rejimlər üçün həll variantı deyildir. “Sülh istəyirsənsə, müharibəyə hazır ol” ifadəsinə əsaslansaq, müharibəyə hazırlığın əsas simvolu olan güclü ordunun formalaşması nəzərə çarpmır. Təəssüflər olsun ki, hökumət nümayəndələri ordunun gücünü yalnız büdcədən ordu üçün ayrılan vəsaitin miqdarı ilə ölçürlər. Məhz bu səbəbdən Azərbaycan ordusuna ayrılan büdcənin Ermənistanın ümumi büdcəsindən çox olması ilə bağlı qeyri-müəyyən rəqəmlərə əsaslanan bəyanatlar verilir. Lakin, korrupsiya hallarının çox olduğu bir idarəetmədə büdcədən ordu üçün ayrılan vəsaitin tam olaraq ayrılmış məqsəd üçün xərclənməsi bir çox insanda haqlı olaraq şübhələr yaradır. Son 4 günlük müharibə ərəfəsində kiçik bir ərazi qarşılığında 100-ə yaxın şəhid verməyimiz ordumuzun güclü olduğundan xəbər vermir.

Həmçinin oxuyun: Azərbaycan və Ermənistan orduları: hansı daha güclüdür?

Digər tərəfdən, peşəkar ordunun formalaşdırılmaması səbəbindən 18 yaşlı döyüş təcrübəsi olmayan yeniyetmələrin cəbhə xəttində qeyri-peşəkar xidmət göstərmələri halları var. Atəşkəs rejimində normal fəaliyyət göstərə bilməyən bir çox dövlət institutları (vergi sistemi, təhsil sistemi, iqtisadi inkişaf, nəqliyyat sistemi, sənayənin inkişafı, gömrük orqanları, məhkəmə sistemi) qızğın müharibə dövründə tamamilə iflic vəziyyətə düşə bilər.

©GETTY

Bununla yanaşı, hökumətin nəzarətində olan media kanallarının vətənpərvərlikdən uzaq bayağı verilişlərə köklənməsi, şəhid ailələrinin cüzi dövlət yardımı (cəmi 200 AZN miqdarında təqaüdün nəzərdə tutulması), müharibə veteranlarına qarşı etinasızlıq hazırkı hökumətin gündəliyində uzun zaman üçün müharibənin yer almadığından xəbər verir.

Sülh yolu ilə həll variantı

Münaqişənin tərəflərinin bir-birindən kəskin fərqlənən mövqeləri münaqişənin sülh yolu ilə həllinə olan inamı azaldır. Belə ki, Azərbaycan tərəfi beynəlxalq hüququn əsas prinsiplərindən biri olan dövlətlərin ərazi bütövlüyü prinsipinə əsaslandığı halda, Ermənistan tərəfi bu prinsipə daban-dabana zidd olan beynəlxalq hüququn digər bir prinsipinə – millətlərin öz müqəddaratını təyin etmə prinsipinə əsaslanırlar. Bu prinsipdən irəli gələn məqsədlərini reallaşdırmaq üçün və ya Azərbaycan tərəfini güzəştə məcbur etmək məqsədilə Dağlıq Qarabağdan əlavə Azərbaycana məxsus 7 rayonu da işğal etmişlər. Mövqelərdə olan kəskin fərq yalnız o zaman sülhə gətirib çıxara bilər ki, iki tərəfdən biri mövqeyindən imtina etsin. Ermənistanın səbəbsiz yerə mövqeyində hər hansı bir dəyişikliklər etməsini gözləmək sadəlöflük olardı. Prezidentlər səviyyəsində təşkil olunan görüşlərin harada keçirilməsindən asılı olmayaraq, danışıqların müsbət nəticə verməsi üçün heç bir əsas mövcud deyildir. Digər tərəfdən, münaqişənin sülh yolu ilə həllinə cəlb edilmiş ATƏT-in Minsk Qrupunun Həmsədrlərinin fəaliyyəti iki səbəbə görə nəticəsiz qalmaqdadır. İlkin səbəb yuxarıda qeyd edilən tərəflər arasındakı kəskin ziddiyyətlər olsa da, digər səbəb Minsk Qrupunun tərəflərə təsir göstərə bilməməsidir. Minsk Qrupunun həmsdərləri bugünə qədər müxtəlif həll yolları təklif etsələr də, ya Azərbaycan tərəfinin, ya da Ermənistan tərəfinin etirazına əsasən müsbət nəticə əldə olunmayıb. Bundan əlavə, hər iki tərəfdən əhali bir-birinə qarşı nifrət bəsləməyə sövq edilir. Qarşı tərəfə nifrət cəmiyyətdə elə bir səviyyədə institutlaşıb ki, hökumətlərin xarici və daxili siyasətindəki uğursuzluqların səbəbi bu nifrət altında gizlədilir.

Aşılanan bu nifrətin fonunda hətta siyasi liderlərin belə danışıqların müsbət nəticə verəcəyinə inanmadıqlarıni ehtimal etmək olar. Əgər siyasi liderlər münaqişənin yaxın zamanlarda həll olunacağına inansaydılar, cəmiyyətdə qarşı tərəfə münasibətin dəyişdirilməsi ilə bağlı müvafiq işlər görülərdi. Ən azından nifrət aşılanmazdı.

Azərbaycana inam və insan haqları

Qarabağ münaqişənin həlli bir-biri ilə əlaqəli olan kompleks tədbirlər planının həyata keçirilməsini tələb edir. İlkin olaraq, peşəkar ordu formalaşdırılmalıdır. Bu ordu əsasən müqavilə əsasında peşəkarlardan ibarət olmalıdır. Bununla yanaşı, ölkədə qanunun aliliyinə əsaslanan vətəndaş cəmiyyəti qurulmalıdır.

Qanunun aliliyi təmin olunduğu təqdirdə vətəndaşların hüquq və azadlıqları təmin ediləcəkdir ki, bu da tutduğu vəzifəsindən və etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsə bərabər imkanlar vəd edir. Belə olan halda Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinin Azərbaycan qanunvericiliyi ilə təmin olunmasına inam Qarabağda yaşayan ermənilər arasında Azərbaycan vətəndaşlığının qəbul etmə ehtimalını artıracaqdır. Bu nəzəriyyə bir çox insanda şübhə yaratsa da, unutmaq lazım deyil ki, universal dəyərlər və gözəl gələcək naminə minlərlə azərbaycanlı və erməni Avropa ölkələrinə gələrək vətəndaşlıqlarından imtina edirlər. Ölkədə insan hüquq və azadlıqları ilə bağlı problemlər həll edildiyi təqdirdə beynəlxalq təşkilatlarla və bu təşkilatların üzvləri ilə problemlər həll edilmiş olacaqdır ki, bununla da Azərbaycan öz haqq səsini dünyaya daha aydın və güclü arqumentlərlə çatdıra biləcəkdir. Bütün bunların fonunda, həm Qarabağda yaşayan ermənilərə qarşı yumşaq gücdən istifadə etməklə və həm də beynəlxalq təşkilatlar vasitəsilə Ermənistan hökumətinə təzyiqlərə nail olmaqla hazırkı status-qvo Azərbaycanın xeyrinə dəyişə bilər.

Hər iki hökumətin Qarabağ konfliktindən istifadə edərək hakimiyyətə gəldiyini nəzərə alsaq qeyd edə bilərik ki, hökumətlərin dalana dirədikləri bu münaqişə yalnız xalqların maraqlarını təmsil edən yeni hökumətlərin iştirakı ilə həll edilə bilər.